Bankın ümumi gəlirləri son dörd ayda ardıcıl olaraq yüksək artım nümayiş etdirməkdədir. Son iki ayda isə bu artım 17,0%-dən artıq olmuş, hesabat dövrünün sonuna bankın ümumi gəlirləri 39,3 mln. manat səviyyəsinə çatmışdır. İyul ayı ərzində bankın faiz gəlirlərinin artımı 16,4%, qeyri-faiz gəlirlərinin artımı isə 20,8% olmuşdur. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti isə 9,5 mln. manat təşkil etmişdir. Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 60,1 mln. manat təşkil etmişdir ki, bu da ilin əvvəli ilə müqayisədə 16,5% çoxdur. Hesabat dövrü ərzində bankın kapitalının gəlirliyi 17,5% təşkil etmişdir. Cari ilin iyul ayında keçirilmiş bankın səhmdarlarının ümumi yığıncağı bu günədək əldə olunmuş mənfəətin Nizamnamə Kapitalının artırılmasına yönəldilməsi haqqında qərar qəbul etmişdir. Nəticədə bankın Nizamnamə kapitalı 26,9 mln. manatdan 41,7 mln. manata yüksəlmişdi. Cari ilin 31 iyul tarixinə “Texnikabank” ASC-nin aktivlərinin həcmi 458,0 mln. manat, aktivlərin gəlirliyi isə 2,13% olmuşdur. Cari ilin iyul ayı ərzində “Texnikabank” ASC-nin cəlb etdiyi müddətli depozitlərin həcmi 6,6% artaraq, 31 iyul 2009-cu il tarixə 91,5 mln. manat səviyyəsinə çatıb. Ay ərzində fiziki şəxslərin bankda yerləşdirdikləri əmanətlərin həcmi isə 4,1% artıb və iyul ayının sonuna 93,6 mln. manat təşkil edib. Hesabat dövrünün sonun bankın depozit portfelinin ümumi həcmi 164,6 mln. manat olmuşdur. Bankın kredit portfelinin həcmi hesabat dövrünün sonuna 352,2 mln. manat olmuşdur ki, bu da ilin əvvəli ilə müqayisədə 7,2% çoxdur. İyul ayının sonuna bankın fiziki şəxslərə təqdim etdiyi istehlak kreditlərinin həcmi 57,5 mln. manat təşkil edib. İyul ayı ərzində bankın emissiya etdiyi plastik kartların sayı 12,1% artaraq, ayın sonuna 43,0 min ədəd təşkil etmişdir. Hesabat dövrünün sonuna plastik kart sahiblərinin istifadəsinə verilmiş bankomatların sayı 48, POS-terminalların sayı isə 341 olmuşdur. |