|
“Bank of Azerbaijan” www.mak.az saytı ilə birgə bank üçün ən yaxşı korporativ şüar üzrə açıq müsabiqənin nəticələrini elan etdi. Xatırladaq ki, Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində müxtəlif peşə icmalarına dəstək göstərən “Bank of Azerbaijan” cari ilin avqust ayının əvvəlində Azərbaycanda ilk dəfə olaraq gənc marketoloqlar üçün unikal imkan yaratdı. Belə ki, ölkənin dörd gənc və perspektivli marketoloqu bankın dəstəyi ilə Ukraynanın paytaxtı olan Kiyev şəhərində Filipp Kottlerin sentyabr ayının 16-da keçiriləcək “Dəyişikliklər dövründə idarəetmə və marketinq” mövzusunda master-klassında iştirak etmək imkanını qazandılar. Marketoloqlar cəmiyyətinin 3 üzvü ilə yanaşı Filipp Kotlerin master-klassında iştirak etmək imkanını korporativ şüar üzrə keçirilən müsabiqənin qalibi də əldə edirdi. Müsabiqənin effektiv təşkili məqsədilə Azərbaycan marketoloqlar icmasının bir araya gəldiyi www.mak.az internet-resursunda müsabiqəyə həsr olunmuş mövzu açılmışdır. Müsabiqə zamanı 100-dən çox iştirakçı 1000-dən artıq şüar göndərmişdir. Bütün təqdim olunan şüarlar bankın rəhbərliyi tərəfindən təhlil olunmuşdur. Bank rəhbərliyinin qərarına əsasən təqdim olunmuş şüarlardan heç biri hal-hazırda bankın vizyon və məqsədlərinə tam cavab vermir. Bankın şüarının seçilməməsinə baxmayaraq, bankın rəhbərliyi bu müsabiqəyə olan yüksək marağı nəzərə alaraq müsabiqənin ən fəal iştirakçılarını dəyərli hədiyyələrlə təltif etmək qərarını verdi. “Biz, öz şüarlarını göndərən bütün cavan marketoloqlara dərin minnətdarlığımızı bildiririk. Bankın şüarının seçilməməsinə baxmayaraq, biz müsabiqədə fərqlənən cavanları mükafatlandırmaq qərarına gəldik. Belə ki, təqdim olunmuş şüarlardan Fərhad Qafarzadənin şüarı daha çox ürəyimizcə oldu. Bu iştirakçı Kiyevdə “Dəyişikliklər dövründə idarəetmə və marketinq” mövzusunda keçirilən master-klassda iştirak edəcək. Biz, müsabiqədə fəal iştirak edən və öz təkliflərini bizə göndərən hər bir şəxsə təşəkkürümüzü bildiririk”, - deyə “Bank of Azerbaijan”-ın İdarə Heyətinin Sədri Xəyal Şərifzadə qeyd etdi. Bundan başqa, cənab Şərifzadənin sözlərinə əsasən, Orxan Yusifov və Mustafa Məmmədov da bu müsabiqədə fərqləniblər. Onlar hesabında pul vəsaiti olan bankın qızıl plastik kartlarına sahib olacaqlar. Keçirilmiş müsabiqə MakAkademiyanın və www.mak.az saytının müdiri Məmməd Kərimov tərəfindən də yüksək qiymətləndirilmişdir: “Bank of Azerbaijan” tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunmuş bu müsabiqə olduqca yüksək səviyyədə keçdi. Qeyd edək ki, müsabiqədə digər bankların əməkdaşları da fəal iştirak etdilər. Bu cür müsabiqələrin keçirilməsi Azərbaycanın gənc marketoloqlarının həvəsləndirilməsi üçün çox önəmlidir”. |